Təxminən 350 il bundan əvvəl Hollandiyalılar İndoneziya sahillərinə gəlib çıxaraq bu yerlərin torpaqlarının münbit və əkin üçün yararlı olduğunu aşkarlamışdılar.
Bu münbit torpaqlarda bir çox şey əkmək mümkün olsa da, burada Ərəbistan yarımadasından gətirdikləri xüsusi qəhvə növünü əkməyə qərara gəlmişdilər. Bu seçim də doğru olmuşdu. Belə ki, bir neçə il sonra qəhvə burada sürətlə və yüksək keyfiyyətlə yetişməyə başladı. Və bir müddət sonra Sumatra adasında böyük qəhvə plantasiyaları salınmağa başlandı. Artıq həmin illərdə qəhvə Avropa ölkələrində ən dəyərli və bahalı içki növü hesab edilirdi və onun məşhurluğu gündən günə artırdı.
Adaya yeni gəlmiş qəhvə nəinki avropalıların, həmçinin adada yaşayan canlılardan biri olan Musanqların da ağız dadına xoş gəlmişdi. Yerlilər bu canlıları həmçinin Luvak da adlandırırdılar. Qəhvənin sevənlərin sayı isə getdikcə artırdı. Avropalılar və musanqlardan başqa yerli əhali də adada yetişən qəhvənin dadını çox sevirdilər. Lakin, o zamanlar çox baha hesab edilən qəhvəni almağa onların maddiyatları imkan vermirdi və bundan da çıxış yolunu yerlilər fərqli bir üsulla tapmışdılar. Onlar qəhvə toxumları ilə qidalanan musanqların nəcislərini yığmağa başladılar. Hərtərəfli təmizlənmə, emal və gün altında qurudulduqdan sonra, adalılar artıq dəmləyərək içə biləcəkləri qəhvəni əldə edə bilirdilər.
Bu qəhvəni avropalılar tamamilə təsadüf nəticəsində dadmışdılar və onun digərlərindən daha tünd və daha ətirli olması onlarda buna marağı daha da artırmışdı.
Qəhvənin xüsusi dadının və ətrinin olmasına səbəb musanqların bəzi zülalları parçalaya bilən mədə şirəsi göstərilir. Bu həmçinin qəhvədə digərlərində olmayan spesifik bir acılıq da əlavə edir.
Hesab edilir ki mustanqlar ən dadlı və yetişmiş qəhvələri yeyirlər və il ərzində təbii yolla bu növ qəhvənin istehsalı bir neçə yüz kiloqramdan artıq ola bilməz. Lakin Son zamanlarda xüsusi zoofermalarda bunun istehsalına da rast gəlmək mümkündür. Eyni üsulla alınsa da burada bəzi fərqlər yaranır. Buna səbəb həmin fermalarda mustanqların azad olmamasıdır. Onlar xüsusi qəfəslərdə saxlanılırlar və onların ağaclarda gəzərək ən dadlı və yetişmiş toxumları seçmək kimi imkanları yoxdur. Daha bir fərq isə təbii mühitdə yaşayan mustanqlarla fermada yaşayan mustanqların həzm prosesində olan fərqdir ki, bu da dada təsir edə bilər.
Comments
Post a Comment