Dünyanın ən qısa müddət davam edən müharibəsi.



Dünya tarixinə ən qısa müddətli müharibə kimi düşən müharibə Böyük Britaniya ilə Zanzibar sultanı arasında olan qarşıdurmadır. 

   19-cu əsrin sonlarında Zanzibar Böyük Britaniyanın idarəsi altında idi və ölkənin sultanı Həməd ibn Tuvayni müstəmləkəçilərlə əməkdaşlıq edirdi. Lakin bu əməkdaşlığa sultanın 25 avqust 1896-cı ildə ölümü ilə son qoyuldu. Ölkədəki bu vəziyyətdən istifadə edərək, edilmiş çevriliş nəticəsində hakimiyyətə sultanın əmisi oğlu Xalid ibn Barqaş gəldi. O, İngilisləri o qədər də sevmirdi və daha çox Almanlara tərəf meyl edirdi. Yeni sultan hakimiyyəti ələ keçirən kimi 3000 əsgər toplayaraq ordu yaratdı və müdafiəni gücləndirmək üçün hətta 200 ilə yaxın istifadə olunmayan bürünc topu da ordunun ixtiyarına verdi. 
 
   Britaniyalılar isə belə halı bağışlamırdılar və onlar Xalid ibn Barqaşa hakimiyyətdən çəkilərək, onu Hamud ibn Məhəmmədə təhvil verməyini tələb etdilər. Tələbin müddəti isə 27 avqust səhər saat 9-a kimi idi. Lakin saatlar və tarix göstərilən zamana çatanda, sultan edilən tələblərə riayət etmədi və saraydan asılan bayraq hələ də dalğalanırdı. Üstəlik topla təchiz edilən Glasgow gəmisi dənizdə olan İngilislərin 5 hərbi gəmisinə qarşı üzməyə başladı.
  Səhər saat 9 tamamda hərbi donanmanın gəmiləri atəşə başlayaraq sahil xəttinə zərbələri endirməyə başladılar. Topla təchiz edilmiş gəmidən də əks atəş açıldı, lakin bu atəş tezliklər susduruldu və demək olar ki, elə həmin andaca donanma tərəfindən batırıldı. 
  Təxminən yarım saatlıq bombardmandan sonra sahil xətti boyu uzanan bütün tikililər demək olar ki, darmadağın edilmişdi. Batan gəminin bayraq dirəyindən dalğalanan bayraq isə hələ də görünürdü və buna görə də atəş daha bir müddət davam edərək bayraq dirəyi dağılana kimi edildi. Sahil tərəfdən donanmaya qarşı bir dənə də olsun atəş açılmadığından və dalğalanan bayraq endirildiyindən admiral Roulinqs düşmənin məğlub olduğunu hesab edərək atəşi kəsdi. Bu da dünya tarixinə ən qısa müddət, təxminən 38 dəqiqə davam edən müharibə kimi düşdü. Müharibə nəticəsində ingilislərdən bir matros yaranlanmışdı. Qarşı tərəf isə daha ağır itkilər vermişdi. Belə ki, Zanzibar tərəfdən 570 əsgər atəş nəticəsində dünyasını dəyişmişdi.
   Sultan isə öz növbəsində sağ qalan əsgərləri buraxaraq özü Alman səfirliyində gizləndi. Daha sonra 1916-cı ildə ingilislər üsyançı sultanı Tanzaniyada tutmağa müvəfəq oldular. Sultan Həmid ibn Barqaş 1927-ci ildə Keniyada vəfat etdi.

Comments