Samsung Gear S2: Ağıllı saatın - Detallı icmalı


   “Təsadüflər mövcud deyil. Baş verən hər şeyin öz məqsədi və niyyəti olur.” Sarah J. Maas “Throne of Glass” romanında bunu qeyd edib. Bilirəm, bir az ədəbi başladım. Amma yazacağım yazıya da səbəb təsadüflə qarşıma çıxan, daha sonra isə bu təsadüfün də öz məqsədi və niyyəti olduğunu aydınlaşdırmağım oldu. 
   Uzun zaman idi ki, ağıllı saat almaq fikrində idim və bu haqda beynimdə fırlanan sualların bir hissəsinə cavabı yalnız video icmallarda olduğu qədər tapmışdım. Son nəticə isə istədiyim kimi deyildi. Saatların tezlik sürətlərini, ekran ölçülərini, batareya müddətlərini və digər göstəricilərini artıq əzbərləsəm də, sırf istifadə etmək istədiyim funksionallıqlara cavab tapa bilmirdim.
   Cavabları isə dünən tapdım. Belə ki, axşam evə gəldikdə qardaşımın özü ilə “Samsung Gear S2 Classic” gətirdiyini gördüm. Düzünü desəm uzun zaman ərzində dördkünc ekranlı saatları simpatiyam olsa belə, Samsung deyəsən bu haqda fikirlərimi dəyişməyə məcbur etdi. 






Beləliklə video icmallarda tapa bilmədiyim cavabları sizinlə paylaşmaq istəyirəm. 

- İlk öncə ondan başlayım ki, android sisteminin ergonomikliyi, funksionallığı, rahatlığı, ələ yatımlığı hər cəhətdən bu saatla ilkin tanışlıqda öz sözünü deyir. Saatı əlinə götürən kimi nə edəcəyimi artıq bilirdim. Sadəcə Play Marketdən Gear applikasiyanı yükləmək lazımdır (Samsunglarda artıq telefonda avtomatik yüklənmiş olur) və işə başlamaq olar.




- İşə başlayanda ilk diqqət çəkən xüsusiyyət - fırlanan diskdir. 1.2” ekranlı saatda barmaqla işləmək yetərincə rahat və xoşagələn olsa da, disk bu prosesi daha da rahat edir. Bu menyu və istənilən digər proseslərin hərəkəti üçün əvəzedilməz mexanizmdir. 


Saatın əsas menyusunda seçdiyim 4 element görünürsə, daha sonra hərəkət etdikcə digər eləməntlərə də rast gəlmək olur. Digər proqramlara girişi isə, proqramlar bölməsinə daxil olaraq etmək olar olar. 





- Elə bunu yazdığım zaman application sözünün telefonda necə yazıldığını yoxlamaq üçün telefonu Azərbaycan dilinə çevirən kimi saatın da menyusunun dəyişdiyinə şahid oldum. Çox şad oldum ki, Samsung doğma dilimizdə danışır. :)


Zövqlər fərqlidir hətta - sonsuzdur deyərdim. Mənim özüm də hər gün fərqli şeylər istəyirəm. Bunu düşünən Samsung - ağıllı cihazında müxtəlif sayda saat dizaynları tətbiq edib. Eyni zamanda hər bir fərqli dizaynı kastomizə etmək olur. Ağıllı saatda olan dizaynları sevməsəniz (gərçi bu mümkünsüzdür) marketdən saysız-hesabsız əlavə dizaynlar yükləyə bilərsiniz. 








- Saatın praktiki faydası çoxdur. Məsələn, metroda və ya avtobusda sıxlıq olan zaman cibin dərinliklərində zəng çalan telefonu götürmədən - zəngə cavab vermək olar. Siz Gear S2 vasitəsilə - qısa mesaj ataraq, hal-hazırda münasib olmadığınızı yaza bilərsiniz. 





- Zəng funksiyası kimi, SMS gələndə də saatın ekranından onu oxumaq hətta, ona elə saatdan emoji və ya bildiyimiz 160 hərflik mətn mesajı da göndərmək mümkündür. Dil seçimində də problem yoxdur. Belə ki İngilis, Rus, Azərbaycan və bir çox başqa dillərə də keçid etmək mümkündür. 




- Eyni funksiya “WhatsApp” üçün də var.  Whatsappa mesaj gəldiyi zaman onu elə saatdan oxuyub, cavablandırmaq mümkündür.





- İndi isə keçim əsas məsələ, həyatımızı ayrılmaz hissəsi olan sosial şəbəkələrə. 
Ən çox istifadə etdiyim Facebook, Facebook Messenger və Twitteri də sınaqdan keçirdikdən sonra, bu saata olan müsbət fikirlərim daha da artdı. 
 Facebooka gələn bildirişlər ancaq ekranda görünürsə və təbii olaraq onları açmaq üçün telefonun ekranına baxmaq tələb olunursa, Messengerdə bunun üçün telefonu açmağa ehtiyac yoxdur və mesajları elə saatdan oxuyub cavablandırmaq mümkündür. 



  

- Twitteri istifadə isə mənə hamısından daha çox həzz verdi. Belə ki, burada mənə yazılan mentionları, likeları (hələ də FAV düyməsinin qayıdacağına ümid edirəm), RT-ləri görə bilirdim. Hətta yazılan mentionları cavablandırmaq, like və RT etmək də mümkün idi.




Daha bir sevindirən və hətta balaca uşaqlar kimi oynatmağıma səbəb olan funskiya da “Cihazın tapılması” funksiyasıdır. Bu funksiyadan istifadə zamanı telefon haradasa gizlənmiş olsa da onun zəngini çalmağa məcbur edir və hətta harada olduğunu saatın ekranında xəritədə də göstərir.


Bluetoothla işləyən qulaqcıqlar olduğu zaman isə mahnıları telefondan saata transfer edərək elə saat vasitəsilə də dinləmək mümkündür. 


Qalereyadakı şəkillər də həmçinin. Sevdiyiniz insanın şəklinə istədiyiniz zaman baxmaq üçün sadəcə şəkli telefona transfer etmək lazımdır. Məndə isə hələlik giləmeyvədir. :)


Telefonda olduğu kimi burada da istədiyim şəhərlərin hava durumundan xəbərdar olmaq mümkündür. 



Ad günlərini unutmamaq üçün ən gözəl vasitə - biləyimdəki xəbərdarlıq verən təqvimdir. 



Saatla yatmasam da, saatın vibrasiyasının məni  oyadacağına əminəm. 


Comments