Stalinin birinci həyat yoldaşından Cuqaşvili İosoviç Yakov adlı böyük oğlu var idi. İlk oğlunun olmasına baxmayaraq əslində onların arası hər zaman soyuq olmuşdu. Belə ki, doğumdan bir il sonra Yakovun anası vəfat etmişdi və onu Tiflisə qohumlarının yanına göndərmişdilər. Stalin özü də Yakova qarşı güclü hisslər bəsləmirdi. O, oğlunu zəif xasiyyətli hesab edirdi.
Atasının onu zəif xasiyyətli hesab etməsinə baxmayaraq, Yakov orduya qoşularaq Almanlara qarşı döyüşməyə getmişdi və hətta leytenant rütbəsini də almışdı. Ancaq Smolensk ətrafındakı döyüşdə Almanlar tank qoşunlarını yeridəndə leytenant Cuqaşvili və digər Smolenskdəki döyüş yoldaşları əsir düşürlər və Zaksenhauzen düşərgəsinə göndərilirlər.
Stalinə bu xəbər çatdırılanda isə o, buna heç bir reaksiya verməmişdi. Əvəzində isə Yakovun həyat yoldaşının həbs olunmasını tapşırmışdı. O zamanlar təslim olaraq əsir düşənlərin ailələrinə qarşı elə təzyiqlər göstərildi.
İlk zamanlarda almanlar Yakovun kim olduğunu bilmirdilər və ona digər əsirlər kimi münasibət göstərirdilər. Ancaq 1943-cü ildə düşərgənin məhbuslarından biri Yakovun əslində kim olduğunu almanlara çatdırmışdı. Elə həmin andan da almanların Yakova münasibəti dəyişmişdi və onu adi düşərgədən çıxararaq, yüksək rütbəli zabitlərlə eyni yerə keçirmişdilər. Almanlar Yakovdan propoqanda üçün geniş istifadə edirdilər. Hətta onun SS (alm. Schutzstaffel — "mühafizə dəstəsi") formasında da şəkillərini çəkmişdilər. Lakin bütün təzyiqlərə baxmayaraq Yakov antisovet çıxışları etməmişdi. Bir neçə ay sonra isə Yakov hasarlara tərəf qaçanda mühafizəçi tərəfindən güllələnmişdi. Bu hadisə şahidlərinin bəziləri bunu qaçış, digərləri isə özünə qəsd kimi söyləyirdilər.
Ölümündən bir qədər əvvəl isə almanlar Stalinə oğlu ilə ruslara əsir düşmüş VI Ordunun komandiri feldmarşal Paulyusu dəyişməyi təklif etmişdilər. Bəzi deyimlərə görə Stalin buna cavab olaraq elə bir oğlunun olmadığını bildirmiş və “sadə leytenantlarla feldmarşalları dəyişmirlər” deyərək cavab vermişdi.
Comments
Post a Comment