Dünyanın Ən Yaşlı Kişisi Vəfat Etdi

     Yanvar ayının 18-də Yaponiyada 112 yaşlı dünyanın ən qoca kişisi Yasutaro Koide dünyasını dəyişdi. Ölüm səbəbini Naqoya xəstəxanası ürək çatışmazlığı kimi göstərdi.
Yasutaro Koide 1903-cü ildə 13 martda Fukui prefekturasının Suruqa şəhərində anadan olmuşdu. Naqoyaya isə 107 yaşı tamam olanda köçmüşdü. Demək olar ki, ölümünə kimi qocanın sağlamlığı ilə heç bir problemi yox idi və hətta eynəksiz də kitab oxuya bilirdi. Diş protezlərinə də ehtiyacı yox idi. Uzun yaşamağın sirrini o, xoşbəxt olmağı bacarmaqda görürdü. Hər kəsə isə içməməyi və siqaret çəkməməyi məsləhət görürdü. Ən sevdiyi qida isə çörək idi.
   Koide rəsmi olaraq planetin ən yaşlı kişisi kimi ötən ilin avqust ayında, elə həmin (112) yaşda digər həmyerlisi Sakari Momoi vəfat  edəndən sonra hesab edilmişdi.
   Rekordlar kitabına görə ən yaşlı qoca da elə Yaponiyada yaşamışdı. Jiroemon Kimura 2013-cü ildə 116 yaş 54 günlüyündə vəfat etmişdi.
   Hazırda rekordlar kitabının nümayəndələri ən yaşlı kişi adının kimə aid olduğunu araşdırırlar.
   Yaponiyada orta həyat davamlılığı dünyada ən yüksək hesab edilir. Kişilərdə bu 80,5 yaş, qadınlarda isə 86,83 yaşa bərabərdir. Statistikaya görə Yaponiyada keçən il 80 yaşını ötənlər 10 milyonu keçib. 34.8 milyon nəfər isə 65 yaşdan böyükdür. Ümumilikdə isə bu Ölkənin 26.7%-ni təşkil edir. Bu tendensiya davam etdiyi halda isə 2040-cı ildə 65 yaşdan yaşlı insanlar ümumi əhalinin  36%-ni təşkil edəcək.


Comments