"Nike" Brendinin Yaranma Tarixi və Maraqlı Faktları.

   Nike bu gün dünyada ən tanınan brendlər arasında sözsüz ki, öz yerini tutubdur. “Nike”ın  yaradıcısı Fil Nayt isə hazırda Amerikanın ən varlı adamlarından biri hesab edilir. Halbuki bir zamanlar Adidas krosovkaları onun üçün çox baha idi. 

   Şirkətin yaranması 1964-cü ilə gedib çıxır. O zamanlar ABŞ-da ya yaxşı keyfiyyətli, amma çox bahalı məhsullar (elə Adidasın özü), ya da ucuz, keyfiyyətsiz və narahat məhsullar var idi. Orta variant yox idi. Elə məhz bu da Oreqon Universitetinin tələbəsi və orta məsafələr üzrə qaçışla məşğul olan Fil Naytın diqqətini çəkdi. 
   Nayt dostu və məşqçisi Bill Bouermanla asiya ölkələrindən ucuz amma keyfiyyətli ayaqqabılar sifariş verərək onu ABŞ-da orta qiymətə satmaq qərarına gəldilər və beləliklə də Blue Ribbon Sports şirkətini yaratdılar. 
   Seçimi o zaman Yaponiyada saxladılar və oranın Onitsuka Tiger (ASICS-ə tabedir) firması ilə müqavilə bağladılar. İlk investisiyası 500 dollar olan Nayt, Yaponiyadan gələn məhsulu elə maşınının baqajından satırdı. 
   Bir il ərzində satışla ancaq Fil ilə Bill məşğul oldu və onların gəliri 8000 dollara qədər artdı. 
   Daha sonra onlar özlərinə satış meneceri Cef Consonu seçdilər və ondan firma üçün daha uyğun ad tapmağı istədilər. Maraqlısı onda idi ki, elə həmin gecə Cef yuxusunda qələbə tanrısı Nikanı gördü və elə növbəti gün firmanın adını Nike adlandırılması qərara alındı. (Rəsmi ad  1981-də dəyişdirildi)
   Cef isə addan başqa öz işi ilə ciddi məşğul olmağa başlamışdı və o, satdığı bütün hər kəslə əlaqə saxlayaraq hansı problemlər yarandığını öyrənib, onları aradan qaldırmağı istehsalçılara tapşırırdı. 
   Amerikada sağlam həyat tərzinə diqqətin ayrılması və insanların idmana həvəsinin artması Nike şirkətinə də böyük pullar gətirməyə başladı və artıq 1971-ci ildə şirkətin gəliri 1.3 milyona bərabər idi.
   Elə həmin ildə Nike şirkətinin loqosu da yaradıldı. Onu isə cəmi 30 dollara Portlend Universitetinin tələbəsi Karolin Devidson yaratmışdı. Məhz o, bütün dünyaya hamının tanıdığı bizim dillə desək “quş”  işarəsini yaratdı. O da öz növbəsində qələbə tanrısı Nikanın qanadlarını təcəssüm edirdi. Daha sonralar Fil ayağında həmin işarədən döymə etdirmişdi. Karolinaya isə həmin işarəli üzük hədiyyə etmişdi və onunla yanaşı şirkətin aksiyalar paketini də hədiyyə etmişdi. 
   1975-ci ildə isə vafli formalı dabanlar yaradıldı. Bu da Billin ağlına səhər yeməyi zamanı vaflini görəndə gəlmişdi. Məhz bununla ayaqqabıları daha yüngül və daha dözümlü olmuşdu.  Nəticədə 70-ci illərdə idman ayaqqabı bazarının 50%-nə artıq Nike sahiblik edirdi.
   1979-cu ildə NASA-nın keçmiş alimi və mühəndisi Nike ofisinə əlində poliuretanla gələrək onu rəhbərlərin qabağında sıxmağa başladı. İdeyası isə ondan ibarət idi ki, yeni üsullar vasitəsi ilə daha dözümlü və daha amortizasiya olunan ayaqqabılar düzəltmək mümkündür. Beləliklə də havalı yastıqlı Nike Air dünyaya gəldi. Elə bu da şirkətin vizit kartına çevrildi. Yeri gəlmişkən Nike Air krosovkalardakı yastıqların yaranma texnologiyası tamamilə gizlin saxlanılır. 
   Nike həmçinin idmançılara öz məhsullarını reklam xarakterli təklif edən ilk firma olmuşdu. Onlar 1984-cü ildə o zaman cavan olan Maykl Cordanla müqavilə bağlayaraq, onun üçün qaralı-qırmızılı Air Jordan krosovkaları istehsal etmişdilər. NBA-da o rəng qadağan olsa da Cordan hər oyun üçün 1000 dollar cərimə verməyə razı idi və krosovkaları da hər oyun geyinirdi.
   Daha sonralar bütün böyük firmalarda olduğu kimi qalmaqallar olsa da Nike bütün bunlardan çıxmağı bacardı, bazarda öz yerini və adını tuta bildi. Şirkət öz əməlləri ilə öz “Just Do It.” (Sadəcə Bunu Et) şüarlarını da  sübut etdi. 

Comments